Blatter: "Biz futbolu uduzduq" | VİDEO

      Blatter: "Biz futbolu uduzduq"     | VİDEO
  14 İyul 2025    Oxunub:685
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) keçmiş prezidenti Yozeff Blatter təşkilatın hazırkı rəhbərliyini seçilmiş inkişaf vektoruna görə tənqid edib.
AzVision.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Yozeff Blatter futbol oyununun Səudiyyə Ərəbistanına getdiyini deyib. Blatterin sözlərinə görə, Səudiyyə Krallığına bu oyunu təklif etdilər və səudlar da onu aldılar.

“Təəccüblüdür ki, FİFA daxilində heç kimin buna qarşı çıxmır. Yarışlar həddən artıq çoxdur, oyunçular və klublar tükənib. Sərt təqvim, isti, yayda klub çempionatı - bütün bunlar futbolçuların sağlamlığına təsir edir”, - FİFA-nın sabiq prezidenti vurğulayıb.

Qeyd edək ki, iyulun 13-də ABŞ-də keçirilən FIFA Klublararası Dünya Çempionatının finalında Londonun “Çelsi” komandası Parisin “PSJ” komandasına 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Yozeff Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib. Hazırda sözügedən qurumun prezidenti 55 yaşlı Canni İnfantinodur.

2015-ci ildə Blatter UEFA-nın (Avropa Futbol Assosiasiyaları Federasiyası) ovaxtkı rəhbəri Mişel Platininin hesabına qanunsuz şəkildə 2 milyon İsveçrə frankı köçürməkdə ittiham olunub. Keçmiş FİFA rəhbəri həmçinin 2010 və 2014-cü il Dünya Kuboklarını bazar dəyərindən xeyli aşağı qiymətə yayımlamaq üçün televiziya hüquqlarını Karib Futbol İttifaqına (CFU) satmaqda günahlandırılırdı. Bu qalmaqallar fonunda Blatter 2015-ci ildə vəzifəsindən azad olundu.

2022-ci ilin iyulunda İsveçrənin Bellinzona məhkəməsi hər iki məmura fırıldaqçılıq, yanlış idarəetmə, etibarın pozulması və qiymətli kağızların saxtalaşdırılması iddiası ilə bağlı işdə bəraət qazandırdı. Həmin ilin oktyabrında prokurorluq apellyasiya şikayəti verdi, lakin bu il martın 25-də İsveçrə Federal Cinayət Məhkəməsi, nəhayət ki, onu rədd etdi.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Blatter   FİFA   tənqid  



Xəbər lenti